Futbol üzrə Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti oyunlarını keçirtdi. Martın 24-də Avstriya yığmasına 1:4 hesabı ilə uduzan seçməmiz ötən gün İsveçin qonağı oldu. Bu görüşdə də millimiz ağır yenilgi ilə üzləşdi - 0:5.
Millimizin sabiq üzvü, veteran futbolçu Aslan Kərimov Fanat.Az-a açıqlamasında yığmamızın oyunlarını şərh etdi:
"Hər kəs məğlubiyyətin səbəbini axtarır. Ancaq bunun mənası yoxdur. Əvvəlcədən də bilirdik ki, hər 3 rəqibimiz həddindən artıq güclüdür. Ustalıq səviyyəsi baxımından bizdən daha üstündürlər. Qalib gəlməyimiz çətin idi. Sadəcə daha az qol buraxa bilərdik. Ümumi səbəblərdən danışmaq istəmirəm. Sadəcə subyektiv fikrimi deyə bilərəm ki, meydanın mərkəzində Qara Qarayevi oynatmaq olardı. Eddi İsrafilovun hazırki vəziyyətindənsə, Qaranın oynaması daha məqsədəuyğun idi. Eddi ya xəstə idi, ya zədədən sonra idi deyə nəsə pis görsənirdi. Tempi çox aşağı idi. İlk oyundakı səhvlərindən bir çoxu Eddi üzərindən gəlirdi. Onun mövqeyində çox boşluq yaranmışdı.
Cinahlarda və ya mərkəz müdafiədə Maksim Medvedevi oynatmaq mümkün idi. Amma yenə deyirəm, bu, mənim subyektiv fikrimdir. Məşqçilərə heyətə çağırdığı futbolçulara görə irad tutmaq düzgün deyil. Sadəcə mənə görə bu oyunçuların bu oyunlara dəvət alması vacib idi.
Əslində hər iki oyunda 20 dəqiqəlik yaxşı oyun göstərdiyimiz anlar oldu. Amma ümumulikdə, rəqib təzyiqi çoxaldanda istər-istəməz bizdə çətinlik yaranırdı. Avstriya ilə oyuna ilk başlayanda meydanda görsənmirdik. İsveç millisi də istisna deyil. Rəqib təzyiqi artıran kimi bizdə bir çox şeylər alınmırdı.
3 gündən bir oynamaq bizim uşaqlar üçün çətinlik yaradır. Düzdür, bunu bəhanə gətirmək istəmirəm. Amma istər-istəməz birinci oyundakı məğlubiyyətdən sonra özlərinə gələ bilmədilər. Psixoloji olaraq basqı altında qaldılar. Bunun da təsiri vardı. Bu qədər... Məncə, artıq nəsə danışmağın mənası yoxdur. Açıq-aşkar görsəndi ki, qrupda rəqiblərimizdən daha zəifik. Sadəcə daha az qolla məğlub ola bilərdik. Evdəki oyunlarımızda bəlkə də kimisə cəzalandıracağıq, bərabərə qalacağıq. Bu da mümkündür. Amma ümumilikdə qrupda rəqiblərdən ustalıq səviyyəsi baxımından aşağıdayıq".
Röya Kərimli