"Dünya çempionatından biri qızıl olmaqla, üç medal gözləyirəm".
Bunu Fanat.Az-a açıqlamasında Azərbaycanın tanınmış cüdo mütəxəssisi, "Şöhrət" ordenli Tərlan Həsənov deyib.
83 yaşlı qocaman mütəxəssis öncə mundialda ölkəmizi təmsil edəcək üç yetirməsinin imkanlarını dəyərləndirib:
"Yığmanın hazırlığı kifayət qədər yaxşıdır. Mundiala hazırlıq üçün yüksək səviyyəli təlim-məşq toplanışları təşkil olunub. Fikrimcə, dünya çempionatının yekunları yaxşı olacaq. Yetirmələrimə gəldikdə, Hidayət Heydərovun motivasiyası olduqca yüksək səviyyədədir. O, bunadək üç dəfə dünya mükafatçısı olub. Bu dəfə çalışacaq ki, nəticəsini daha da yaxşılaşdırsın. Əfsanəvi Ononun karyerasını bitirməsindən sonra onun əsas maneəsi deyərdim ki, digər yaponiyalı Soiçi Haşimotodur. İndiyədək onunla dəfələrlə qarşılaşsa da, hələ ki, uda bilməyib. Ancaq Hidayət iki il əvvəlki Hidayət deyil. Artıq kifayət qədər təcrübə toplayıb. İndiki hazırlığı onu finala, hətta dünya çempionluğuna da apara bilər.
Murad Fətiyev 90 kiloqrama yeni keçsə də, bu çəkinin təcrübəli idmançıları ilə başabaş səviyyədə döyüşə bilir. Son yarışlarda göstərdi ki, əzmkarlığı, döyüşkənliyi hesabına hər an hər şey edə bilər.
Məmmədəli Mehdiyev isə artıq illərin təcrübəsinə sahibdir. Onun da hazırlığı, motivasiyası çox yaxşıdır. Ümumilikdə hər üç yetirməmdən medal gözləməyə dəyər".
Həsənov yığmanın digər üzvləri barədə bunları söyləyib:
"Əsas medal ümidləri Hidayət, Səid Mollayi və Zelim Kotsoyevlə bağlıdır. 60 kiloqramdakı idmançılarımız da artıq sözlərini deməyə başlayıblar. Ancaq fikrimcə, dünya çempionatında nəticə hələ onlar üçün tezdir. Təcrübəli idmançılarımızdan Orxan Səfərov bizi sevindirə bilər. Ümumi götürəndə, dünya çempionatından biri qızıl olmaqla, üç medal gözləyirəm. Hesab edirəm ki, 10 ildən sonra nəhayət, qızıl medal qazanıla bilər".
Qeyd edək ki, dünya çempionatında fərdi yarışlar 7-13 mayda, komanda yarışları isə 14 mayda Qətərin paytaxtı Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”da keçiriləcək. Ölkəmizi mundialda ümumilikdə 13 cüdoçu təmsil edəcək.
Qadınlardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Əliyeva (hər ikisi 52 kq), kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq.
Sahib