"Mənim üçün dünyanın ən yaxşı futbolçusunun baş məşqçisi olmaq şərəf idi. Sabah Messi "Park de Prens"də son oyununa çıxacaq".
Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, bunu PSJ-nin baş məşqçisi Kristof Qaltye deyib.
Fransalı çalışdırıcı Liqa 1-in 38-ci turunun matçında "Klermon"a qarşı forma geyinəcək argentinalı superulduza yönələn tənqidləri əsassız saydığını da vurğulayıb: "Onu əla qarşılayacaqlarına ümidliyəm. PSJ-dəki ilk mövsümdə Messi uyğunlaşma dönəmini yaşadı. O, ilk dəfə "Barselona"dan kənarda oynayırdı. Bu mövsüm isə komandanın vacib oyunçusuna çevrildi. Ona yönələn tənqidləri yersiz və əsassız sayıram".
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsinin müddəti bu ay başa çatacaq. 35 yaşlı Leo ilə "Əl-Hilal", "Barselona" və "İnter Mayami" kimi klubların maraqlandığı bildirilir.
Nihat