"Turan Tovuz"da yeni transferlərlə bağlı işlər aparılır.
Bu barədə Fanat.Az-a əyalət klubunun mətbuat katibi Süleyman Tağıyev məlumat verib:
"Hazırda danışıqlar gedir. Həm klubdan gedəcək, həm də gələcək futbolçular haqda danışıqlar aparılır. Ancaq rəsmiləşməmiş kiminsə adını çəkmək doğru olmaz. Sadəcə onu deyə bilərəm ki, bütün istiqamətlərdə danışıqları davam etdiririk".
Qeyd edək ki, bir neçə gün öncə "Turan Tovuz" qapıçılar Kamal Bayramov və Tərlan Əhmədli, müdafiəçi Tərlan Quliyev və yarımmüdafiəçi Ayxan Hüseynovla müqaviləni yenilədiyini açıqlayıb.
Xatırladaq ki, "Turan Tovuz" mövsümü 39 xalla 6-cı pillədə başa vurub. Əyalət klubu yeni mövsümün hazırlıqlarına bu ayın sonunda başlayacaq. İyunun 30-da hazırlığın ilk mərhələsi üçün Bakıda bir araya gələcək "Turan Tovuz" iyul ayının 13-də Türkiyəyə yola düşəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində yerləşən Cam otelində məskunlaşacaq komanda ayın 28-ə dək hazırlığını burada davam etdirəcək.
Tağıyev bildirib ki, təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunları haqda isə dəqiq məlumat yoxdur: "Hələ ki, rəqiblərin kimliyi bəlli deyil. Çox güman təlim-məşq toplanışına az müddət qalmış dəqiqləşəcək. Çünki rəqiblər dəyişə bilər. İndidən yüz faiz hansı rəqiblə oynayacağımızı dəqiqləşdirmək çətindir".
Röya