"Səbail"in növbəti mövsümlə bağlı hazırlıq planı qismən müəyyənləşib.
Bu barədə komandanın baş məşqçisi Şahin Diniyev Fanat.Az-a məlumat verib.
Təcrübəli mütəxəssis iyulun 1-də bir araya gələcəklərini deyib: "İyulun 1-nə kimi komanda üzvlərinə istirahət verilib. Gələn ayın ilk günü bir araya gəlib hazırlığa başlayacağıq. Toplanışın 10 günlük ilk mərhələsi Bakıda olacaq. Bu müddətdə futbolçuların texniki göstəricilərinin yaxşılaşdırılmasına, fiziki hazırlığının artırılmasına çalışacağıq. Hazırlığın növbəti mərhələsinin ölkə xaricində keçirilməsi planlaşdırır. Amma hələlik gedəcəyimiz ölkə, yoxlama oyunlarındakı rəqiblər bilinmir. Bu məsələyə yaxın günlərdə aydınlıq gələcək.
Komandada istirahət dövrü olsa da, klub rəhbərliyi və məşqçilər korpusu boş dayanmayıb. Transferlər, heyətin formalaşdırılması istiqamətində addımlar atılır. Hazırlığın startına qədər bu işlərin əhəmiyyətli hissəsini görməyə çalışırıq".
Qeyd edək ki, "Səbail" son turda "Şamaxı"nı üstələyərək 9-cu yeri tutub və Premyer Liqadakı yerini qoruyub. Bundan sonra klub rəhbərliyi komandada islahatlara başlayıb. Emil Martinov, Zakra Qoba, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk və Ruslan Hacıyevlə rəsmən vidalaşan Bayıl təmsilçisinin daha bir neçə futbolçu ilə yolları ayıracağı gözlənilir. Əvəzində "Kəpəz"in kapitanı Yusif Nəbiyevin transferi reallaşdırılıb. "Səbail" "Sumqayıt"dan ayrılan Süleyman Əhmədov və Rüfət Abdullazadə ilə də anlaşıb. Onların keçidi yaxın günlərdə rəsmən elan olunacaq.
Mirağa