"Səbail"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli yarımmüdafiəçi Rahid Əmirquliyev komandadan göndərilib. Baş məşqçi Şahin Diniyev 33 yaşlı oyunçunun xidmətindən imtina edib. O, başa çatan mövsümdə 12-si çempionat, 4-ü kubok matçı olmaqla, cəmi 16 oyuna çıxıb.
Bununla belə, Rahid "Səbail"də qala bilər. Belə ki, rəhbərlik ona karyerasını başa vuraraq məşqçi kimi çalışmağı təklif edib. Rahid hələ yekun qərarını verməyib və bunun üçün rəhbərlikdən möhlət istəyib. Mümkündür ki, o, futbolçu kimi oynamağa davam etmək istəsin. Belədə Rahidi başqa komandada görə bilərik.
Qeyd edək ki, Rahid Əmirquliyev 2018-ci ilin yayından "Səbail"də çıxış edir.
Əlavə edək ki, Premyer Liqada yerini son turda qorumağı bacaran "Səbail" heyətdə islahatlara start verib. Artıq legionerlərdən Emil Martinov, Zakra Qoba, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk və Maksim Çexin, yerlilərdən isə Ruslan Hacıyev, Mirabdulla Abbasov və Nihad Qurbanlının göndərildiyini rəsmən açıqlayıb.
Mirağa