Bu gün Çempionlar Liqasının I təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan çempionu "Qarabağ”ın bu mərhələdəki rəqibi də məlum olub.
Ölkə çempionu Cəbəllütariqin "Linkoln" komandası ilə qarşılaşacaq.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Aslan Kərimov Ağdam təmsilçisinin bu rəqibə qarşı oyunda şanslarını dəyərləndirib:
"Hesab edirəm ki, "Qarabağ" ona rəqib olacaq komandalarının hamısından həm səviyyə, həm reytinq, həm də oyunçu təcrübəsi baxımından üstün idi. Bundan daha çətin rəqib düşə bilərdi. Rumıniyanın, Polşanın qalibləri ilə "Qarabağ" çətinlik yaşaya bilərdi. Amma Cəbəllütariq çempionuna qarşı oyunda rahat şəkildə mərhələ adlaya biləcəyik.
Fikrimcə, I və II mərhələlərdə "Qarabağ"a çətinlik yaradacaq rəqib yoxdur. Ancaq sonraki mərhələlərdə ola bilsin ki, püşk bizi çətin rəqiblərlə üzləşdirsin".
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək. Ağdam klubu ilk matçını səfərdə oynayacaq.
Röya