"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Linkoln" olacaq. Cəbəllütariq təmsilçisi 1976-cı ildə İngiltərənin "Linkoln Siti" klubunun şərəfinə bu cür adlandırılıb.
Fanat.Az xəbər verir ki, ləqəbi "qırmızı iblislər" olan komanda ev oyunlarını 5 000 tamaşaçı tutumuna malik "Viktoriya" stadionunda keçirir.
Bəribaşdan qeyd edək ki, "Linkoln" Azərbaycan klublarının avrokuboklarda üz-üzə gələcəyi ilk Cəbəllütariq təmsilçidir.
1981/1982 mövsümündən yüksək liqada çıxış edən "Linkoln" 27 dəfə Cəbəllütariq çempionu olub və bu göstəricidə ölkə rekordçusudur. UEFA reytinqində 197-ci pillədədir.
"Linkoln"un prezidenti Dilan Viaqasdır. Kollektivə ispaniyalı mütəxəssis Xavi Munyos rəhbərlik edir. Komandanın kapitanı isə Roy Çipolinadır.
"Linkoln" 2003-2016-cı illərdə - ardıcıl 14 dəfə öz ölkəsinin çempionu olub. 2016/17 mövsümündə isə dünya rekordunun bir addımlığında olub (rekord Vanuatunun "Tafea" klubuna məxsusdur). Amma sonuncudan əvvəlki turda xal itirib və titulu, beləliklə həm də dünya rekordçusu olmaq imkanını əldən verib.
"Linkoln" "cırtdan" ölkə təmsilçisi sayılsa və "Qarabağ"a uyğun hesab olunsa da, ehtiyatı əldən vermək lazım deyil. Ən azından ona görə ki, bu ilin yanvarın 1-də "Linkoln"un baş məşqçisi təyin olunan ispan baş məşqçi Xavi Munyosun gəlişi komandanın nəticələrini xeyli yaxşılaşdırıb. Düzdür, bu, onun ilk belə təcrübəsidir. Daha əvvəl bu klubda qapıçılarla işləyən məşqçi olub. Ancaq komanda yanvardan sonra onun başçılığı altında ilk 12 oyunun hamısında qalib gəlib, yalnız çempionatın son turunda (artıq məsələni çoxdan həll etmişdilər) və kubokun finalında uduzub: 14 matç - 12 qələbə, 2 məğlubiyyət.
"Qarabağ"ın rəqibinin avrokuboklarda ən böyük uğuru 2021/2022 mövsümünə təsadüf edib. Mübarizəyə ÇL-də başlayan "qırmızı iblislər" "Fola"nı (Lüksemburq) mübarizədən kənarlaşdırıblar (5:0, 2:2). İkinci mərhələdə ÇFR (Rumıniya) səddində ilişən (1:2, 0:2) "cırtdanlar" Avropa Liqasında Slovakiya "Slovan"ına müqavimət göstərsə də (1:3, 1:1), Konfrans Liqasına düşüb. Yarışın pley-offunda Latviya "Riqa"sını evdə keçirdiyi ikinci oyuna əlavə olunmuş vaxtda (1:1, 3:1) üstələyən "Linkoln" qrupa yüksəlib. Ancaq "Kopenhagen" (Danimarka), PAOK (Yunanıstan) və AL-in 3-cü qrupunda qarşılaşdığı "Slovan"la eyni qrupa düşən "qırmızı iblislər" möcüzənin davamını gətirə bilməyərək bütün görüşlərdə uduzublar.
"Linkoln" ötən avrokubok mövsümündə heç nə ilə yadda qalmayıb. Mübarizəyə ÇL-in birinci mərhələsində başlayan Cəbəllütariq təmsilçisi Şimali Makedoniya "Şkupi"sinə səfərdə keçirdiyi ilk matçda 0:3 uduzsa da, cavab matçında rəqibini xeyli həyəcanlandırıb - 2:0. Komanda ÇL-də mübarizəni dayandırdığı üçün birbaşa Konfrans Liqasının ikinci mərhələsində oynamalı olub. Ancaq Qazaxıstan "Tobol"u da "Qarabağ"ın rəqibinə heç bir şans verməyib - 1:0, 2:0. Beləliklə, "Linkoln" ötən avrokubok mövsümünü qələbəsiz və qolsuz tərk edib.
"Linkoln"un əsas lideri kapitan, Cəbəllütariq yığmasında da sarğını daşıyan 40 yaşlı Roy Çipalinadırsa, ən təhlükəli oyunçusu Xuanfridir. 33 yaşlı ispan forvard son mövsüm 11 qolla liqanın ən yaxşı bombardiri olub. Bundan başqa, həmyerlisi Kike Qomes 6 qol vurub və komandanın ikinci bombardiridir. Ümumiyyətlə, "Linkoln"un 9 futbolçusu və baş məşqçisi İspaniyadandır.
Qeyd edək ki, "Qarabağ"la "Linkoln" arasında ilk görüş 5-6 iyulda, cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.
Mirağa