Ötən gün Avropa Liqası və Konfrans Liqasında keçirilən oyunlardan sonra UEFA reytinq siyahısını yeniləyib.
Fanat.Az xəbər verir ki, baş tutan görüşlər əmsallar cədvəlində Azərbaycanın da reytinq xallarının artmasına şərait yaradıb.
"Qarabağ" ölkəmizə 0,250 əmsal qazandırıb. Ağdam klubu bunu Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə, Sloveniya "Olimpiya"sına səfərdə 2:0 hesabı ilə qalib gəlməklə bacarıb. Beləliklə, cari mövsümdəki ümumi qazanc 2,500-ə yüksəlib.
Son 5 mövsümdəki ümumi reytinq xalı 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu yerdə qalıb. 28-ci sıradakı Slovakiya ilə aradakı xal fərqi də 0,375-ə bərabərdir. "Alt mərtəbədəki qonşu" Moldova isə xeyli geridədir - 12,625.
UEFA reytinqinə 89,053 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədədi.