Misli Premyer Liqasının 6-ci turunda "Kəpəz"in qonağı əvvəlki iki turda qələbə qazanan "Səbail" olacaq. Öncəki çempionat matçında doğma meydanda debütant "Araz Naxçıvan" a uduzan (1:2) "sarı-göylər"in baş məşqçisi Azər Məmmədovla əlaqə saxlayıb "Səbail" lə görüş barədə fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Səbail" lə oyun bizim üçün vacibdir. Azarkeşlər maraqlı oyun izləyəcəklər. Hər iki komanda meydana qələbə üçün çıxacaq. Şahin müəllimin (Şahin Diniyev -red.) komandası yaxşı kollektivdir. Uğurlu seleksiya nəticəsində keyfiyyətli oyunçulardan komanda qurub. Təcrübəli baş məşqçidir. Komandanı oyuna kökləyə bilir. Biz Şahin müəllimlə "Kəpəz"də birlikdə işləmişik. O, əsas komandanın baş məşqçisi olduğu dönəmdə mən əvəzediciləri çalışdırmışam. "Səbail"də onun köməkçisi olmuşam. Açığını deyim ki, Şahin müəllim mənim müəllimimdir. Ondan çox şey öyrənmişəm. Biz də "Kəpəz" olaraq oyuna yaxşı hazırlaşırıq. Çalışırıq ki, bu oyunda maksimum nəticə qazanaq. Üst sıralarda olan komandalarla xal fərqini azaltmaq üçün bizə bu oyunda qələbə lazımdır".
Nahid Məmmədov