Sabah Avropa Liqasının birinci təsnifat mərhələsində Skopye “Metallurg”u ilə ilk oyuna çıxmalı olan “Qarabağ” hələ də Makedoniyaya yollanmayıb. Azerisport.az xəbər verir ki, bu görüş əslində iyulun 4-də keçirilməli idi.
Ağdam klubu da bütün planlarını buna uyğun qurmuşdu. Amma UEFA-nın oyunu iki gün öncəyə keçirməsi Ağdam təmsilçisini çox çətin vəziyyətə salıb. “Qarabağ” hazırda hələ də Ankaradadır.
Komanda bu gün Skopyedə, oyunun keçiriləcəyi “Filipp II” stadionunda məşqə çıxmalıydı. Amma Türkiyədən Makedoniyaya gedə bilməyən təmsilçimiz bu məşqi də buraxmaq təhlükəsiylə üz-üzədi.
Komandamızın Skopyeyə yollana bilməməsinin səbəbi isə bilet problemi ilə əlaqədardı. Məsələ burasındadı ki, “Qarabağ”a lazım olan vaxtda və lazımi sayda bilet tapmaq müşkülə çevrilib.
Qeyd edək ki, “Metallurg” – “Qarabağ” matçı sabah Skopyedəki “Filipp II” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
İdman24.az