“Tottenhem” “Hayduk Split”də çıxış edən 16 yaşlı müdafiəçi Luka Vuşkoviçin keçidini razılaşdırıb.
Fanat.Az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, 2025-ci ildə, yəni 18 yaşı tamam olanda hotspurluların düşərgəsinə qoşulacaq.
Vuşkoviçlə 2030-cu ilin yayına qədər müddətə nəzərdə tutulan müqavilə imzalanıb və o, ingilislərə 12 milyon funt-sterlinqə başa gəlib. Mərkəz müdafiəçisi Xorvatiyanın yüksək liqasında çıxış edən ən gənc oyunçu kimi tarixə düşüb.
Daha sonra o, 16 yaşının tamam olmasından cəmi 5 gün sonra "Hayduk"un ən gənc qolçusu olub. O vaxtdan bəri gənc istedad bütün yarışlarda 11 oyuna çıxıb və komandanın ötən mövsüm Xorvatiya kubokunu qazanmasına kömək edib.
Vuşkoviçin “Mançester Siti” də daxil olmaqla bir neçə Premyer Liqa klubunun hədəfində olduğu bildirilirdi. Onunla Fransa çempionu PSJ də maraqlanırdı.
Mirağa