Futbol üzrə Azərbaycan millisi AÇ 2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlarına çıxacaq. Canni de Byazinin çalışdırdığı kollektiv səfərdə Estoniya yığması ilə üz-üzə gələcək.
"Səbail"in baş məşqçisi, Azərbaycan millisinin sabiq çalışdırıcısı Şahin Diniyevlə əlaqə saxlayıb seçmə komandamızın qarşıdakı oyunla bağlı öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Estoniyayla oyun dördüncü yer uğurunda mübarizədir. Oyunun əhəmiyyəti ondan ibarətdir ki, qalib gələn qrup sonuncusu olmaqdan xilas olacaq. Buna görə çox önəmli qarşılaşmadır. Son iki oyun futbolçularımızın yaxşı formada olması, eyni zamanda həm "Qarabağ"ın futbolçularının Avropada yaxşı çıxış etmələri, həm də legioner həyatı yaşayan Mahir, Renat, Coşqun, Bəxtiyar, Musa və digərlərinin olması bu matça nikbin baxmağımıza səbəb olur. Hazırda milliyə çağrılan futbolçular tam formadadır. Tallindəki oyunda komandamızdan qələbə gözləyirəm. Milli indiki formada daha maraqlıdır, nəinki Estoniya ilə evdə qarşılaşdığı oyunda. Belçika və İordaniya ilə oyunlar göstərdi ki, komanda öz formasına düşə bilib".
Qeyd edək ki, Estoniya - Azərbaycan oyunu 13 oktyabrda Tallində baş tutacaq.
Mirağa