"Qarabağ"ın UEFA Avropa Liqasının H qrupundakı rəqiblərindən olan "Bayer Leverkuzen"in ulduzu Patrik Şikin Almaniyadakı matçda təmsilçimizə qarşı oynayıb-oynamayacağı açıqlanıb.
Fanat.Az “Kicker”ə istinadən xəbər verir ki, uzun sürən zədədən qayıdan çex hücumçu səhhəti ilə bağlı problemi geridə qoyub.
Son dəfə martda yaşıl meydanlara çıxan Patrikin artıq kollektiv məşqlərdə iştirak etdiyi bildirilib. Xəbərə görə, 27 yaşlı forvardın Bundesliqanın 8-ci turunda baş tutacaq görüşdə - “Volfsburq”la səfər qarşılaşmasında da forma şansı qazanması mümkündür
“Bayer” – “Qarabağ” oyunu oktyabrın 26-da, “Bay-Arena”da keçiriləcək. Həm Leverkuzen təmsilçisi, həm də ağdamlılar qrupdakı ilk 2 oyunda qələbə qazanıblar.