“Neftçi”də olduğum üçün şadam. Bir neçə gündür ki, buradayam və şəhəri bəyəndim. Qarşıda bizi çox iş gözləyir. Hələlik klub, işçilər və akademiya haqqında məlumat toplayıram. İnanıram ki, “Neftçi” layihəsi uğurlu olacaq, amma vaxt lazımdır".
Fanat.Az xəbər verir ki, bunu bu gün təqdimetmə mərasimində "Neftçi"nin yeni idman direktoru Yens Andersson deyib.
İsveçli mütəxəssis qeyd edib ki, onu “Neftçi” layihəsi cəlb edib, ona görə də klubun təklifini qəbul edib:
"20 ildən çoxdur ki, peşəkar futboldayam. Müxtəlif ölkələrdə - Danimarkada, Xorvatiyada, İsveç millisində çalışmışam. Düşünürəm ki, xeyli təcrübə və bilik qazanmışam. Hələlik Azərbaycan futbolu haqqında geniş məlumatım yoxdur. Amma düşünürəm ki, təcrübəm mənə kömək edəcək.
Futbolçu karyeramı başa vurduqdan sonra məşqçi kimi çalışdım, sonra idman direktoru kimi yenidən hazırlıq keçdim, həm də texniki direktor oldum. İndi “Neftçi”ni və Azərbaycan futbolunu daha yaxından tanımaq istəyirəm. Bu mənim birinci prioritetimdir.
“Neftçi” rəhbərliyi ilə ilk dəfə görüşəndə klubun planları və layihəsi məni heyran etdi. İlk görüşdə çox şey müzakirə etdik. “Neftçi” rəhbərliyi öz planlarından danışdı, mənim də xoşuma gəldi. Karyeramda çətinlikləri sevirəm. Həm də danışmağı yox, işləməyi sevən adamam. Bir az iş gördükdən sonra geniş danışa bilərik. Mən böyük vədlər verməyi sevmirəm.
Hazırda müqaviləm 2 illikdir. Təbii ki, mənim öz planlarım var. Amma başqa ölkəyə gedəndə gərək, o ölkənin mədəniyyəti ilə tanış olasan, sonra öz təkliflərini verəsən. “Neftçi” ilə razılığa gələndə, mən hələ də İsveç millisinin idman direktoru idim və orada işimi bitirməliydim. Mən müqaviləmə hörmət etməliyəm.
İdman direktoru baş məşqçi ilə sıx işləyir və transfer məsələlərinə təsir göstərir. Bu məsələlərə də mən cavabdeh olacam. Amma futbol komanda oyunudur və bütün məsələlər kollektiv şəkildə həll olunur. Mən məsuliyyətdən qorxmuram. Adrian Mutu ilə görüşdüm, futbol və oyunun fəlsəfəsi haqqında danışdıq. Amma mən klubun oyunlarını canlı izləməliyəm, ondan sonra nəsə ətraflı danışa bilərəm”.
Mirağa