Braziliyanın "Qremio" klubunun uruqvaylı hücumçusu Luis Suares gələcəyinin necə olacağı barədə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, Suaresin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Ağrılarım var, bədənim mənim əvəzimə danışır. Həyatdan zövq almaq istəyirəm. İstirahət etməli, ailəmlə daha çox vaxt keçirməliyəm. Yalnız bundan sonra qərar verəcəm. Hazırda gələcəkdə harada olcağımı, hadisələrin necə cərəyan edəcəyini bilmirəm. Qismətimdə nə varsa, o da olacaq".
Xatırladaq ki, 36 yaşlı Suares "Qremio"ya bu ilin qışında keçmişdi. O, Uruqvayın "Nasyonal" klubundan ayrılaraq azad agent qismində Braziliya təmsilçisinə qoşulmuşdu. Sözügedən forvardın Braziliya təmsilçisi ilə müqaviləsinin müddəti dekabrın 31-də başa çatacaq. Cari mövsüm "Qremio" forması ilə bütün turnirlərdə 52 matça çıxan Luis 24 qolla komandasının ən yaxşı bombardiridir.
Nihat