"Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Linkoln"la səfər oyunundan sonra mətbuat konfransında deyib.
O, 2:0 hesablı qələbəni belə şərh edib: "Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydanlarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Topu istədiyimiz kimi ram edə bilmirdik. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.