Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Zirə"nin qonağı olacaq "DAK 1904" (Slovakiya) komandasının məşqçisi Roberto Kuesta təmsilçimizlə matçdan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis klubun saytına danışıb:
"Zirə" güclü komandadır. Topu özündə saxlamağa və oyuna nəzarət etməyə çalışan kollektivdir. Amma onlar meydanda rəqiblərin hərəkət etməsi üçün çox boş ərazi verirlər. Məhz bu məqamdan yararlana, topu ələ keçirərək fərqülənə bilərik. Səfərdə qol vurub qayıtmaq yaxşı üstünlük olar".
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək görüş saat 20:30-da başlayacaq. Matçı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.
"Zirə" bu rəqibini mübarizədən kənarlaşdıra biləcəyi təqdirdə, 3-cü təsnifat mərhələsində "Osiyek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Zirə" ilə "DAK 1904" arasında cavab görüşü avqustun 1-də Slovakiyada keçiriləcək.
Nihat