"Qarabağ"ın baş məşqçisi Qurbanov Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini 5:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
"İlk növbədə Olimpiya çempionumuz Hidayət Heydərovu təbrik etmək istəyirəm. Olimpiadadakı idmançılarımıza uğurlar arzulayıram.
Oyunumuza gəlincə, komandamı təbrik edirəm. Bu gün nizam-intizamlı, səliqəli oyun oldu. Tribunada azarkeşlərin çox olması bizə əlavə motivasiya verdi. Avrokuboklarda çıxış edən digər təmsilçilərimizə uğurlar arzulayıram".
Üçüncü təsnifat mərhələsindəki mümkün rəqiblərimizindən “Lüdoqorets”in, yoxsa “Dinamo Minsk"in bizə uyğun olması haqda düşünməmişəm. Hər ikisi haqda məlumatım var. Hərəsinin öz özəlliyi var. “Lüdoqorets” yaxşı komandadır, kifayət qədər təcrübəsi var. Əsasən də Avropa təcrübəsi. "Dinamo" isə aqressiv və aktivdir, cavan oyunçuları çoxdur. Üstəlik, çox istəklidirlər".
Qurbanov yeni Premyer Liqa mövsümü ilə bağlı da fikirlərini bildirib: "Dəyişikliklər olub. Komanda olaraq, çempionatın əvvəlində problemlərimiz olur. Çünki fikrimiz daha çox avrokuboklarda olub. Çalışırıq ki, Premyer Liqa oyunlarına da ciddi yanaşaq, hazırlaşaq. Görünən odur ki, hamı üçün maraqlı çempionat olacaq. Fərqli rəqiblər, fərqli məşqçilər var. Hər oyuna daha ciddi yanaşmalıyıq. Həmişəki kimi düzgün qərarlar verməliyik. Bəzi oyunlarda xal itirməkdən qorxmalı deyilik. Futbolçuların sağlamlığını fikirləşməliyik. Xüsusən də, sezonun əvvəlində rotasiyalara çox böyük ehtiyac olacaq. “Linkoln”la oyunlarda bəzi futbolçularda yorğunçuluq var idi. Çətinliklər olsa da, rotasiyalarla yoluna qoymalıyıq".
Qeyd edək ki, səfərdə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" evdə də rəqibini 5:0 hesabı ilə məğlub edib və mərhələ adlayıb.