Xorvatiyanın "Dinamo" klubunun (Zaqreb) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis komandasının 3:0 hesablı qələbəsini belə şərh edib:
"Futbolçularımı təbrik edirəm. Oyunu yüksək səviyyədə keçirdik. Lakin rəqibimiz heç də zəif deyildi. "Qarabağ"la bağlı matçdan əvvəl dediklərim bu görüşdə təsdiqini tapdı. Biz hesabda 1:0 öndə olarkən rəqib üstünlüyü ələ almışdı. Onlar imkan tapanda çox yaxşı oyun sərgiləyirlər. 60-cı dəqiqəyə qədər müdafiədə boşluqlar verirdik. Lakin sonradan ərazi üstünlüyü yenidən bizə keçdi. Hətta qarşılaşmanın son anlarında bir neçə qol imkanını boşa verdik".
Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.