"Oyundan-oyuna nələrisə daha yaxşı edirik. Amma yenə də konsentrasiyadan düşürük. İlk hissədə daha yaxşı mübarizə apardıq. Hər iki hissədə bağışlanmayacaq səhvlər etdik. "Zirə"ni təbrik edirəm. Hər bir oyunun özünün tələbi, öz tapşırığı var. Futbolçuları da get-gedə tanıyırıq".
Fanat.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 8-ci turunda “Zirə”yə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis komandanın bu vəziyyətindən çıxması üçün plan cızdıqlarını bildirib: "Bu gün Paçunun gəlməsi, Pananın bizə qoşulmasını görürük. Oyun planında da, bəzi dəyişikliklər var. Onları rotasiya edib yoxlayırıq. Düşünürəm ki, əsasən də müdafiədə daha çox dəqiq olmalıdır. Mən gələndən üç oyun keçirmişik. "Araz-Naxçıvan"la qola qədər pis mübarizə aparmadıq. "Zirə" ilə görüşdə də qola qədər pis deyildik. Futbolçular bəzi məsələləri anlayırlar. Bunu 90 dəqiqəlik çərçivəyə salmalıyıq".