Azərbaycan millisi bu gün Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirəcək. Portuqaliyalı mütəxəssis Fernandu Santuşun rəhbərliyi altında çıxdığı ilk üç duelin hamısında uduzan təmsilçimiz evdə Slovakiya ilə qarşılaşacaq. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, hazırda "Araz-Naxçıvan"ın məşqçilər korpusunda yer alan Əfran İsmayılovla əlaqə saxlayıb seçmənin qarşıdakı görüşündən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Estoniyada üzücü məğlubiyyət oldu. Hamı haqlı olaraq, millidən qələbə gözləyirdi. Gözlənilməz yenilgi hər kəsi ümidsizliyə uğratdı. Halbuki, Fernandu Santuşun gəlişindən sonra ümidlər var idi. Elə təqdim edirdilər ki... Üç oyun, 3 məğlubiyyət. O səs-küylü təyinatın qarşılığı belə olmamalı idi.
Komanda Estoniyada 40 dəqiqə yaxşı futbol oynadı. Ondan sonra dayandılar. Müdafiədə uşaq səhvlərinə yol verildi. Milli üzvü belə kobud səhv etməməlidir. Hamısı da öz komandasında lider oyunçulardır. Santuş deyir ki, hücumda işlər yaxşıdır, müdafiədə problem var. Düzdür, irəlidə aktivlik göstərə bilirik. Amma hücumda çoxalmaq başqa şeydir, qol imkanlarını dəyərləndirmək başqa. İrəlidə imkan yaradıb yararlana bilmirsənsə, bu da problemdir. Hücumda faydalı iş əmsalı, qol şanslarından yararlanmaq faizi çox aşağıdır. Deməli, ön xətdə də problemlər qalmaqdadır.
Slovakiya Estoniyadan qat-qat güclü rəqibdir. Bu gün millimizə çox çətin olacaq. Amma son oyundakı yenilgini unutdurmaq, özlərinə bəraət qazanmaq istəyirlərsə, slovakiyalılardan xal və ya xallar qoparmalıdırlar. Həmin uşaq səhvlərinə yol verməmək şərtilə. Yoxsa daha üzücü məğlubiyyət qaçılmaz olacaq".
Mirağa