Azərbaycan Cüdo Federasiyası (ACF) ölkənin müxtəlif bölgələrindən olan 150 məşqçinin iştirakı ilə ümumrespublika seminarı keçirib.
Fanat.Az xəbər verir ki, tədbirdə növbəti ilin planları, yarış təqvimi müzakirə edilib, həmçinin cüdoda tətbiq ediləcək yeni qaydalar izah olunub.
Azərbaycan İdman Akademiyasında keçirilən görüşdə ACF-in prezidentinin müşaviri və Hakimlər Komitəsinin sədri Natiq Bağırov, icraçı vitse-prezident Rəşad Rəsullu, baş katibin müavini və idman direktoru Kamran Talıbov, daxili yarışlar üzrə menecer Ağayar Axundzadə, təhsil meneceri Orxan Oruczadə iştirak ediblər.
Görüş zamanı idman təşkilatları və məşqçilərə “Judo Manager” proqramından istifadə etmələrinin ACF-in tələbi olduğu bir daha izah olunub. Bununla yanaşı, kəmər və dan dərəcələrinin verilməsi qaydaları ilə bağlı müzakirə aparılıb, klubların lisenziyalaşdırma proseduru və tələbləri detallı şəkildə iştirakçılara izah edilib.
Görüş zamanı bir sıra məqşçilərə Dan dərəcələri də təqdim edilib.