Premyer Liqanın debütantı "Səbail" 5 futbolçuyla rəsmi müqavilə bağlayıb. Fanat.Az xəbər verir ki, son mövsümü "Mil-Muğan"da keçirən Raul Yaqubzadəyə 2 illik sözləşməyə qol çəkdirən debütant "Neftçi"nin əvəzedici komandasında Samir Əliyevin rəhbərliyi altında oynamış Kamal Qurbanovla 1 illik anlaşıb.
Son klubu "Zaqatala" olan Emin Mehdiyev, "Turan"dan gələn Aqşin Muxtaroğlu və "Zirə"dən tanıdığımız Yamin Ağakərimzadə də 2017/18 "futbol ili"ndə Bakı klubunun uğurları üçün tər tökəcək. Bu futbolçularla da münasibətlər dünən notarial qaydada rəsmiləşdirilib.
Bundan başqa, Bakı təmsilçisinin baş məşqçisi "Neftçi"nin "dubl"undan tanıdığı Təyyar Məmmədovun, Aqşin Qurbanlının, Eltun Yaqublunun və Orxan Qurbanlının icarəyə götürülməsinə çalışacaq.
"Səbail"lə hələ müqavilə bağlamayan, amma buna yaxın olan futbolçu isə "Neftçi"dən ayrılan Murad Ağayevdi.
Fanat.Az