Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Zirə”nin I təsnifat mərhələsindəki ilk görüşünün hakimləri müəyyənləşib. Fanat.Az xəbər verir ki, paytaxt klubunun “Differdanj”la Bakıdakı matçı qazaxıstanlı hakimlər briqadasına həvalə edilib.
İyunun 29-da, “Dalğa Arena”da baş tutacaq görüşdə ədalət təmsilçisi rolunu Daniyar Saxi yerinə yetirəcək. Ona Yuri Tixonyuk və Alibek Aubakirov kömək edəcəklər. Matçın dördüncü hakimi isə Marat İskakov olacaq.
Hakimlərin işinə moldovalı hakim-inspektor İqor Satki qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə türk Cem Cenk olacaq.
Qarşılaşmanın baş hakimi Daniyar Saxi Azərbaycana tanış simadı. Qazaxıstanlı referi ötən il də ölkəmizə səfər edib. Həmin vaxt Saxi dördüncü hakim qismində Bakıya gəlib. O, Avroliqanın 2016/17 mövsümünün I təsnifat mərhələsində baş tutmuş “Kəpəz” - “Daçiya” matçında iş başında olub. Qolsuz bərabərliklə nəticələnən həmin qarşılaşma da “Zirə”nin avrokubokdakı debüt matçına ev sahibliyi edəcək “Dalğa Arena”da oynanılıb.
Fanat.Az