Bu gün AFFA-nın inzibatı binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsinın yaradılması ilə əlaqədar Ağasəlim Mircavadov, Şahin Diniyev, Böyükağa Hacıyev və Vaqif Sadıqovu qəbul edib, onlarla fikir mübadiləsi aparıb. Həmin görüşdən sonra millimizin sabiq baş məşqçisi Şahin Diniyev Fanat.az-a müsahibə verib.- İlk olaraq, görüş barədə məlumat verməyinizi xahiş edərdik.- Milli komandamızın, futbolumuzun inkişafı üçün bu komitəyə ehtiyac var idi. Elxan Məmmədov hər birimizin təklif və fikirlərimizi dinlədi.
- Konkret olaraq, Siz nə təklif etdiniz?- Həmişə demişəm, milli komandamız futbolumuzun piramidasının zirvə nöqtəsidi. Milliyə futbolçular klublardan, aşağı yaş qrupları üzrə yığma komandalardan gəlir. Bu səbəbdən də bəzi faktları ortaya qoydum. Diqqət yetirin, əcnəbi məşqçilərin çalışdırdaqları klublardan milliyə dəvət alan aparıcı futbolçularımız hansı formadadı? Kamran Ağayev və Ruslan Abışov "Qəbələ"dən optimal formalarından çox uzaq durumda gəlirlər. Rauf Əliyev "Xəzər Lənkəran"dan ürəkaçan formada gəlmədi. "Qarabağ", "Neftçi" və "Sumqayıt"da isə yerli mütəxəssislər çalışır. Göründüyü kimi, fərqli mənzərənin şahidi oluruq. Belə çıxır ki, yerli mütəxəssislər klublarımızda daha yaxşı işləyirlər.
- Başqa hansısa məsələni qaldırdınızmı?- Bəli, I diviziondakı durumla bağlı da baş katibə məruzə etdim. Misal kimi "Araz Naxçıvan"ı göstərdim. 3+8 sistemi ilə oynayan klublarımız Premyer Liqaya yüksəldikdən sonra komandanı dağıdıb, yenidən qurmalı olurlar. Bax bu amil Naxçıvan təmsilçisinə ciddi təsir göstərdi. Elxan müəllim də öz növbəsində İcraiyyə Komitəsində yer alan futbol veteranlarımızın vaxtında bu məsələni lazımınca qabartmadıqlarını və bu səbəbdən mövcud vəziyyətin yarandığını söylədi.
- Bəs aşağı yaş qrupları üzrə yığmalara əcnəbi futbolçuların dəvəti necə?- Bu məsələni də qaldırdım. İldə 10-12 toplanışa dəvət alan həmin yığmalarda yerli uşaqlar oynamalıdı ki, beynəlxalq təcrübə toplasınlar, əsas milliyə düşmək üçün hazır olsunlar.
- Məşqçilər Komitəsinin millinin baş məşqçisinə hansısa təsiredici qüvvəsi olacaqmı?- Tək millinin baş məşqçisinə deyil, bütün yaş qrupları üzrə yığmaların çalışdırıcılarına təsir etmək hüququmuz olacaq. Eyni zamanda, klublarla da işləyəcəyik. Klubların baş məşqçiləri milliyə dəvət edilən futbolçular haqda məlumat verməlidirlər. Belədə, anlaşılmazlıqlar minimuma enəcək. Məsələn, hansısa klubun baş məşqçisi futbolçusunun fiziki durumunun aşağı olması barədə millinin çalışdırıcısına məlumat verməsindən sonra həmin oyunçu əsas komandamıza dəvət alacaqsa, bu, artıq klubun günahı sayılmayacaq.
- Millinin heyətinin formalaşması ilə bağlı necə, Komitəniz müdaxilə edə biləcəkmi?- Bunu etik normalara zidd hesab edirəm. Tutaq ki, mən millinin baş məşqçisiyəm. Məşqçilər Komitəsi mənə hansısa mövqedə çıxış edən futbolçunu tövsiyə edə bilər. Lakin son qərar əlbəttə ki, yığmanın baş məşqçisinə məxsus olacaq. Komitəmiz mütamadi olaraq, İcraiyyə Komitəsi qarşısında çıxış edəcək və bütün məlumatlarla İK üzvlərini tanış edəcək.
Fanat.az