"Keşlə” adıyla fəaliyyət göstərəcəyi dəqiqləşən Bakı “İnter”i “Dalğa Arena”ya srügün edilməsə də, əvvəlki ofisindən çıxarılıb. Fanat.Az xəbər verir ki, Beynəlxalq Bankın məlum imtinasından sonra “Aqrarkredit" QSC ilə AFFA-nın arasında qalan klub yekunda başqa binada məskunlaşdırılıb.
Dəqiqləşdirsək, dövlət həmin binanı, stadiondakı əsas meydançanı, eləcə də futbolçuların qaldığı otaqları “İnter”in ixtirayına verib.
“Ağ-göylər”in keçmiş ofisində isə “Aqrarkredit" QSC-nin əməkdaşları yerləşdirilib. Məlum olduğu kimi, bu ilin yanvarından sözügedən Bakı klubuna aid bütün təsisçilik işləri bank olmayan kredit təşkilatına həvalə edilib.
“İnter Arena” problemli kredit qismində Beynəlxalq Bankın balansındaydı. Çünki "İnter" PİK hələ 2015-ci ildə bankın törəmə müəssisəsinə çevrilmişdi.
Sabiq sədrin - Cahangir Hacıyevin həbsinin ardından Beynəlxalq Bankın problemli kreditləriylə bağlı bütün məsələlər “Aqrarkredit" QSC-nin ixtiyarındadı. Stadionla əlaqədar problemin həllini necə tapacağı isə hələ də bilinmir.
Bilinən budur ki, “İnter” əvvəlcədən ora köçürülən Karate Federasiyası ilə eyni binaya sıxışdırılıb. Hərçənd ad dəyişikliyindən sonra işlərin yoluna düşəcəyini proqnozlaşdırmaq olar.
Fanat.Az