Futbol üzrə Azərbaycan yığmasının və Rumıniyanın “Petrolul” klubunun müdafiəçisi Elhad Nəzirinin azerisport.az saytına müsahibəsi
- Avroliqanın cavab matçları çərçivəsində komandanızın Farer adaları təmsilçisi “Vikingur”la görüşündə sonadək meydanda oldunuz. Çıxışınızla bağlı nə deyə bilərsiz?
- İlk dəfə idi ki, Avroliqa matçında start heyətdə meydana çıxmışdım. Bu komandaya qarşı ilk oyunun sonlarında oynamaq şansı əldə etdim. Çox şadam ki, komandam hər iki görüşdə inamlı qələbə qazandı. Lakin artıq bu oyunlar arxada qalıb. Biz növbəti görüşlərimizi düşünməliyik.
- Demək olar ki, bundan sonra baş məşqçi Kosmin Kontra sizə daha çox güvənəcək?
- Buna baş məşqçi özü qərar verəcək. Mən əlimdən gələn hər şeyi edirəm ki, özümü yaxşı tərəfdən göstərim. Həm məşqlərdə, həm də meydana çıxdığım oyunlarda. Farerlilərlə görüşdə də belə oldu. İstənilən halda üzərimdə daha çox çalışmalıyam ki, əsas heyətdə yer alım.
- Növbəti mərhələdə rəqibiniz daha güclü Hollandiya klubudu - “Vitesse”. Bu komanda barədə nə bilirsiz?
- Bizim üçün çox çətin oyun olacaq. Güclü rəqibdi. Onları keçmək üçün maksimum güc sərf etməliyik. Özümə gəlincə, hər şey baş məşqçidən asılıdı. Mən hər an oynamağa hazıram. Hər şeydən önəmli olan isə komandamızın qalib gəlməsidi.
- Bu gün “Petrolul”u Rumıniya çempionatında “Pandurii” ilə oyun gözləyir...
- Ötən mövsüm biz onları məğlub etmişdik. Lakin bu il güclü kollektiv formalaşdırıblar. Buna baxmayaraq, ümid edirəm ki, biz yenə də istədiyimizə nail olacağıq.
- Qarşıda Azərbaycan yığmasının Malta ilə yoxlama oyunu var. Milliyə dəvət gözləyirsiz?
- Allah eləsin ki, hər şey yaxşı olsun. Məni çağırıb-çağırmamaları vacib deyil. Əsas yığmamızın qələbə qazanmasıdı.
- Yığmanın son toplanışlarınıa çağırılmamağınız klubunuzda az oynamağınızla bağlıdı, ya başqa səbəbləri var?
- Baş məşqçi belə qərar verdi. Mən buna hörmətlə yanaşıram. Hər bir mütəxəssis ona hansı futbolçuların lazım olmasına özü qərar verir. Görünür o vaxt az oynadığım üçün məni çağırmayıblar.
- Keçmiş baş məşqçiniz Qurban Qurbanova simpatiyanızın olduğunu demisiz. Yenidən “Qarabağ”a qayıtmaq istəmirsiz?
- Mən Qurbanovun adını yenidən “Qarabağ”a qayıtmaq məqsədilə çəkməmişəm. Mən Ağdam klubunda oynayanda Qurbanov yenicə gəlmişdi. Həmin vaxt mənim müəyyən problemlərim var idi və bu üzdən “Qarabağ”dan ayrılmalı oldum. Amma müqavilənin ləğvi və transfer vərəqəmi almaq üçün kompensasiya ödəməli idim. Qurban müəllimə zəng etdim, problemi izah etdim. Sağ olsun ki, bu məsələni dərhal həll etdi, məndən bir qəpik də almadılar. Mən məhz buna görə onun adını çəkmişəm, minnətdarlığımı bildirmişəm. Amma digər tərəfdən sabah karyeranı harda davam etdirəcəyini bilmirsən. Hər şey ola bilər.
İdman24.az