“Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsveç “Gefle”si ilə qarşılaşacaqsız. Bu komanda ilə oyunlardan nə gözləyirsiz?
- Biz Kipr “Anorthosis”i ilə düşəcəyimizi gözləyirdik. Çünki onlar ilk oyunda bu komandanı 3:0 hesabıyla məğlub etmişdilər. Amma növbəti rəqibimiz əsl xarakter nümayiş etdirdi və mərhələ adladı. Çox maraqlı alındı (gülür).
- “Gefle” barədə ilkin təəssüratlarınız necədi?
- Düzü, bu komandanı tanımıram. Əgər onların futbolu polşalıların sərgilədiyi oyuna oxşayırsa, onda bizə çətin olacaq.
- Bu cür oyun üslubundan ehtiyatlanırsız?
- Bu, həm yaxşı, həm də pisdi. Fiziki cəhətdən onlar çox güclü olurlar. Amma texnikada bizə uduzurlar.
- Polşa “Piast”ı ilə cavab oyununu necə şərh edərdiniz?
- Çox ağır oyun oldu. Oyundan öncə hər şeyə 90 dəqiqə ərzində aydınlıq gətirməyi qərara almışdıq. Yaxşı da başladıq, qol vurduq. Mərhələ keçəcəyimizə 80 faiz əmin idik. Amma görünür bu, bizdə arxayınlıq yaratdı. Nəticədə, səhvlərə yol verdik, iki qol buraxdıq.
- Ardıcıl iki qol buraxmaq komandaya necə təsir göstərdi?
- Biz daha ciddi şəkildə, ötürmələrlə oynamağa başladıq. Onlar isə yenə də uzun ötürmələrdən, asmalardan istifadə edirdilər. Düzdü, bunların qarşısını ala bilirdik. Amma “ikinci mərtəbə”də onlara uduzurduq.
- Cinah müdafiəçisi kimi yəqin sizə daha çətin idi...
- Futbol belədi. Çalışırdım ki, rəqib futbolçuların cərimə meydançasına asmalar etməsinə imkan verməyim. Baxmayaraq ki, buna nail olmaq çox çətin idi.
- Kapolonqonun sizi növbəti mərhələyə çıxaran qolu barədə nə deyə bilərsiz?
- O, çox maraqlı qol vurdu. Qarşısında iki müdafiəçi olsa da, topu yaxın küncə göndərdi. Düzünü deyim ki, əksər oyunçularımız topun toru yandan silkələdiyini düşünərək üzünü çevirdilər. Mən heç özüm də başa düşmədim ki, Kapolonqo nəyə sevinir. Biz şokda idik! O, bu qolu necə vurdu? Bu oyunu qələbə ilə də başa vura bilərdik. Amma Reynaldo yüz faizlik qol şansını qaçırdı. Yorğunluq sözünü deyirdi. 120-ci yo, 17-18-ci dəqiqə olsaydı, o, bu şansı qaçırmazdı.
İdman24.az