Hamı ondan danışır… Futbolla yaxından maraqlananlar da, bu idman növünün qaydalarını bilməyənlər də. Küçədə, el şənliklərində, yas məclislərində, “Qarabağ”dan söz düşür…
- Heç mən baxan deyiləm eee. O gün harda oynayırdılar. Uşaqlar baxırdı. O braziliyalı… Elə bil topu ayaqlarına yapışdırmısan. Adı nədi onun? Hamısını keçib vuranı deyirəm.
- Reynaldonu deyirsən, Nizami əmi? İsveçdə “Gefle”yə vurduğu qolu?
- Hə, Ronaldonu. Yava gədədi haa.
- Ronaldo deyil, Reynaldodu. “Anderlext”in futbolçusu olub. İndi “Qarabağ”a gətiriblər.
- Hər hardan alıblarsa, qazandığı halal xoşu olsun. Bəs bu Foqts niyə yaxşılarını tapa bilmir?
- (Milliylə klubun fərqini Nizami əmiyə izah etmək əbəs cəhd olduğundan incələməyə lüzum görmədim) Nə bilim, tapa bilmir də.
- Foqts “Qarabağ”ın nə sirri varsa, hamısını deyəcək “nemeslər”ə. İndi sən bax, görərsən. Yenə Allah kərimdi.
Şənbə günü toyda görüşdüyüm Nizami əminin futboldan danışdığını eşitmək azı şam ağacının armud gətirməsi qədər təəccübləndirdi…
17 yaşımdan bəri üz cizgiləri dəyişməyən, gülərüz, dünyanın dərdini çəkməyən Həcər nənəylə dialoqum daha maraqlı alındı.
- (Suala diqqət yetirin) Bala, sən futbolda işləyirsən?
- Hə.
- Sənin başına dönüm, bizimkilər oynayanda Emili də apar.
- “Qarabağ”ın oyununa?
- Hə, qadan alım. O günü atası demişdi, vaxtı olmadı, apara bilmədi. Səhərdən axşamadək çörək yemədi.
- Aparmağa söz vermirəm. Məhəllənin uşaqlarına qoşulub getsin də. Uşaq deyil ki.
- Onda sən ona bilet ver. Yəqin sizdə olar. Bu dəfə də getməsə, yediyimizi-içdiyimizi haram edəcək…
Hər gün, bəzən bir gündə 2-3 dəfə gördüyüm Camalın avqustun 22-dək eyni sözləri yenə təkrarlayacağına isə əminəm. Küçəmizin girişində marketi var.
- 14 manat 60 qəpik.
- Sağ ol.
- Bir dəqiqə dayan eee. İndi deyirsən, “Ayntraxt”ı keçəcək?
- Allah qoysa. Udmaq şansı çoxdu “Qarabağ”ın.
- Püşkatmadan qabaq ürəyimə dammışdı ki, harda sarsaq komanda varsa, o düşəcək. Amma almanları udsa, yaman olar. Sən belə danışanda mən də ümidlənirəm. Bəs yeni oyunçu almadılar?
Ötən yay “Neftçi”ni Avroliqanın qrupuna daşıyan tarixi Kipr zəfərinə imza atandandan sonra hər yerdən böyük futbolun qoxusu gəlirdi. Hamının “Qarabağ”ının ürəkləri qürurla dolduracağına ümid edək. Nizami əmilərin, həcər nənələrin, camalların komandası bunu bacaracaq qeyrətdədi.
Konuşma Sonu