“Azərbaycan klublarına gətirilən legionerlərin əksəriyyəti gənc futbolçulara nümunə ola bilmirlər”. Fanat.az xəbər verir ki, bu sözləri “Trend”ə AFFA-nın vitse-prezidenti Rauf Əliyev deyib.
Millət vəkili əcnəbilərdən narazılıq edib: “Legionerləri çağırırlar ki, çempionat daha da maraqlı olsun, klublar güclənsin və gənc nəsil bu legionerə baxaraq ibrət alsın. Amma təəssüflər olsun ki, Azərbaycana gələn legionerlər yaxşı oyun göstərməməklə bərabər hakimlərin hər bir qərarını mübahisə edirlər, etiraz etməyə başlayırlar. Guya ki, bunlar onqat dünya çempionlarıdı”.
Əliyevin fikrincə, əsas məsələ ondan ibarətdi ki, legionerlər gənc futbolçulara nümunə olsunlar: “Təəssüf ki, klublarımızın gətirdiyi legionerlərin əksəriyyəti nümunə ola bilmirlər. Bu səbəbdən legioner oyunçuların sayı azaldılır ki, gənc futbolçularımız irəli getsin”.