2015/16 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Mövsümlərarası fasilədə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov və Aleksey Antonovu heyətinə qatan “qırmızı-qaralar” 9-cu transferini reallaşdırıb.
Fanat.az xəbər verir ki, "Qəbələ" serbiyalı futbolçu Voyislav Stankoviçlə icarə əsasında 1,5 illik müqavilə imzalayıb. 2014/15 mövsümünün ikinci yarısında Azərbaycanda çıxış edən 28 yaşlı müdafiəçi Bakı “İnter”inə məxsusdu. Topaz Premyer Liqasında 12 matçda 1 qol vuran Stankoviç “İnter”in heyətində ümumilikdə 16 oyuna çıxıb.
Ölkəmizə gələnədək 5 il Serbiyanın “Partizan” klubunda çıxış edən Voyislav 2010-2015-ci illərdə Belqrad təmsilçisinin şərəfini qoruyub. Müdafiəçi karyerası ərzində “Dinamo” (Vranye, 2006-2008) və OFK (2009) klublarında da çıxış edib. 2010-cu ildə Serbiya millisinə çağırılan arxa xətt oyunçusu yığmada 1 oyun keçirib.
Fanat.az