"Hədəfimiz növbəti mərhələyə vəsiqə qazanmaqdı. "Dinamo" barədə ətraflı məlumatımız yoxdu. Bilirik ki, bir neçə futbolçu komandanı tək edib, baş məşqçi dəyişib. "Dinamo"nun sərgilədiyi futbol xoşuma gəlir. Əminəm ki, sabah azarkeşlər maraqlı oyunun şahidi olacaqlar". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Tiflisdə mətbuat konfransı keçirən ukraynalı mütəxəssis sabahkı oyunla bağlı fikirlərini bildirib: "Artıq yarım mövsümdü ki, "Qəbələ"dəyəm. Amma mənə elə gəlir ki, bu komandanı çoxdan çalışdırıram. Bizim komandada da çox şey dəyişib. Öz oyunumuzu yaxşılaşdırmışıq, bir sıra hədəflərimizə çatmışıq. Sadəcə, mövsüm başa çatandan sonra heyətdə bir sıra dəyişikliklər olub. Xeyli futbolçu getdi, yenilər gəldi. Düzdü, vaxt azdı. Mümkündü ki, sabah siz meydanda komanda ilə cəmi 3-4 gün bir yerdə olmuş futbolçular görəsiniz. Amma özümüzü yaxşı tərəfdən göstərəcəyimizi düşünürəm".
Qriqorçuka "Qəbələ”də sabah meydana çıxacaq futbolçuların çoxu yenidi. Bu mənada komanda sabahkı oyuna nə dərəcədə hazırdı" sualına belə cavab verib: "Bu suala qismən də olsa toxundum. Amma konkret cavab versəm, yeni oyunçuların gəlişi ilə bağlı müəyyən problem var. Onların uyğunlaşmaları üçün vaxt lazımdı. Bu çox ciddi prosesdi. Həm də ona görə çətindi ki, biz oyunun detallarını başa düşmək üçün dərindən təhlil etməliyik. Bizim üçün asan məqam odu ki, yüksək səviyyədə oynamış futbolçularla güclənmişik. İnanıram ki, uyğunlaşma prosesi tez gedəcək. Sabahkı oyunda nəticə əldə etməliyik. Oyunun keyfiyyətini isə zamanla daha güclü edəcəyik. Gələcəkdə mükəmməl oyunumuz olacaq. Buna əmin ola bilərsiniz".
Baş məşqçi Tiflisdə müdafiəyə oturmayacaqlarını bildirib: "Biz müdafiədə oturmaq barədə düşünmürük. Nəticəyə oynamaq tam fərqli şeydi. Əgər bunu izah etməyə başlasam, çox vaxt gedəcək. "Dinamo" ilə oyunda bizi 0:0 yox, 5:0 hesablı qələbə qane edəcək".
Fanat.az