"İnanıram ki, hər 3 klubumuz bu gün qələbə qazanacaq və bizi sevindirəcək". Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
"Neftçi", "İnter" və "Qəbələ" klublarının bu gün keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsindəki ilk oyunları barədə danışan Sadıqov hər 3 komandanın qələbəsinə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, maddi çətinlik yaşayan Bakı "İnter"i Albaniyada "Laçi"ni məğlub etməlidir: "Çətinlik olmasına baxmayaraq, "İnter" bizi sevindirməlidir. Çünki bu vəziyyətdə belə Albaniyanın 5-ci komandasından güclü olmalıyıq. Yeni bir komandayla oyun olacaq. Amma hər bir oyunçu başa düşməlidir ki, bu Avroliqa oyunudur və məsuliyyəti dərk etməlidi".
"Qəbələ"nin Tiflis "Dinamo"su ilə keçirəcəyi görüş haqda danışan komitə sədri əyalət təmsilçisindən də qələbə gözlədiyini söyləyib. O bildirib ki, "Qəbələ" səfərdə oynamasına baxmayaraq, yaxşı heyətə malikdi: "Qəbələ" də ilk oyununda qələbə qazanmalıdı. İnanıram ki, növbəti turdakı rəqib indikindən heç də güclü olmayacaq".
Çernoqoriya "Mladost"unu qəbul edəcək "Neftçi"dən danışan Sadıqov gənc baş məşqçi və yeni heyət olmasına baxmayaraq, paytaxt təmsilçisinin çıxışına ümidlə yanaşıb: "Samir Əliyev gənc mütəxəssisdi. Amma xeyli vaxtdı ki, məşqçiliklə məşğuldu. Futbolçular gənc olsalar da, görünür "Neftçi"yə layiq olduqlarını sübut ediblər ki, indi əsas heyətdə yer alıblar. İndi də Avroliqada bunu sübut etməyə çalışacaqlar. Bu həyatın yazılmayan qanunudu və gənc məşqçi, gənc heyət amilinə fikir vermək lazım deyil".
Fanat.az