“Bu mərhələyə qədər az yol qət etməmişik. Komandamız da, rəqibimiz də iki mərhələ keçib. Düşünürəm ki, niyyətimiz də eynidi. Hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir". Fanat.az xəbər verir ki, bu sözləri "Apollon"la oyundan öncə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Cənubi Kipdə mətbuat konfransı keçirən ukraynalı mütəxəssis oyunla bağlı fikirlərini bildirib: "Biz sabah (bu gün) mümkün olan hər şeyi edəcəyik ki, mərhələ keçməyə imkan verən nəticə qazanaq. Bizi asan oyun gözlədiyini düşünmürəm. Rəqibimiz çox güclü komandadı. Onların heyətində yüksək səviyyəli, sürətli futbolçular yer alıb. “Apollon” yaxşı, təşkilatlanmış oyun nümayiş etdirir. İzlədiyim oyunlarda da komanda çox inamlı təsir bağışlamışdı. Bunlara əsasən deyə bilərəm ki, rəqibimiz çox güclü komandadı. Bu komandanın ən güclü tərəfi oyunçularının fərdi ustalığıdı. Xüsusilə də bunu hücum xətti barədə demək olar. Cinah müdafiəçilərin effektli oyununu da qeyd etmək olar. Məhz sadaladıqlarım da “Apollon”un əsas güclü tərəfidi".
Fanat.az