17 yaşadək qız futbolçulardan ibarət Çexiya millisi hazırlıq məqsədilə şənbə günü Praqada bir araya gəlib. Fanat.az xəbər verir ki, komandanın baş məşqçisi Karel Rada Belçikada Avropa çempionatının ilkin seçmə mərhələsinin 6-cı qrupunda meydan sahibləri, Gürcüstan və Azərbaycan millilərinə qarşı keçirəcəkləri görüşlər haqda fikirlərini bildirib.
Rada zədəli Nelo Kreyçirovanı Tereza Pavlasovanın əvəzlədiyini qeyd edib. O, Macarıstanla keçirdikləri 2 yoxlama oyununda zəif cəhətlərini müəyyənləşdirdiklərini söyləyib: "Biz istənilən rəqibi, xüsusən də Azərbaycan kimi komandanı dəyərləndirməyə bilmərik. Onların 19 yaşadək komandası öz seçmə qruplarında qazandıqları qələbələrlə hamını təəccübləndirdi. Biz ümumilikdə Belçikada güclü çıxış etməliyik. Çünki bütün gənc komandalarımız hazırda yaxşı səviyyədədir. Digər komandaların gücü isə bizə bəlli deyil. Bizim yaxşı komandamız var. Konkret hədəfimiz isə qrupdan növbəti mərhələyə daha erkən çıxmaqdır".
Qeyd edək ki, 17 yaşadək qız futbolçularımız sabah Bakı vaxtı ilə saat 17:00-da Çexiya ilə qarşılaşacaq. Belçikanın Lyej şəhərinin Akademik Rober Lui-Dreyfus adına stadionunda keçiriləcək görüşü Polşadan Eva Auqustin idarə edəcək.
Xatırladaq ki, 44 yaşlı Karel Rada hazırda qız futbolçularla çalışsa da, vaxtı ilə Çexiya millisinin mərkəz müdafiəçisi olub. O, "Trabzonspor" və Frankfurt "Ayntraxt"ında legioner karyerası yaşayıb.
Fanat.az