Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Adil Şükürov yetirmələrini Qazaxıstanın "Ordabası" klubu ilə oyunda sınayıb.
Əvvəlcədən "Zirə"nin “Traktorsazi” ilə qarşılaşması planlaşdırılmışdı. Lakin Təbriz klubu Antalya toplanışından imtina etdiyindən, təmsilçimiz "Ordabası" ilə üzləşib. Oyun qazaxların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin yeganə qoluna Nurlan Novruzov imza atıb.
"Ordabası" klubu 1998-ci ildə bu adı daşıyır. Klubun ilk uğurunu 1992-ci ildə ölkə çempionatının gümüş medallarına sahib çıxmaqla qazanıb. Həmin vaxt klub "Arsenal-SKIF" adlanıb. Qazaxıstanın Çimkənd şəhərini təmsil edən klub 2011-ci ildə ölkə kubokunu, 2012-də Super Kubokunu qazanıb. Komanda son mövsümü ölkə çempionatının 4-cü pilləsində başa vuraraq Avropa Liqasına vəsiqə əldə edib.
Qeyd edək ki, "Zirə" Antalyada daha iki oyun keçirəcək. Yanvarın 19-dan Almaniyanın "Optik" klubu ilə qarşılaşacaq debütant 3 gün sonra "Tarqu-Mureş"lə (Rumıniya) üz-üzə gələcək.
Antalya
Yoxlama görüşü
16 yanvar
Zirə (Azərbaycan) - Ordabaşı (Qazaxıstan) 1:4
Qollar: Nurlan Novruzov, 55 - İvan Radivoeviç, 40. Azat Nurqaliyev, 45. Dauren Xaykibasov, 65. Edin Yunuzoviç, 66.
“Kaya” otelinin meydançası.
Fanat.az