Hazırda "Rəvan"da çıxış edən Mirkamil Həşimli Türkiyə mətbuatının gündəminə düşüb. Fanat.az xəbər verir ki, "Milliyət" qəzetinin internet saytı gənc futbolçu ilə bağlı yazı hazırlayıb.
"Mirkamil Həşimlinin dramı" başlığı ilə dərc olunan yazıda futbolçunun durumu barədə məlumat verilir: "Bir zamanlar "Fənərbaxça" formasını geyinən Mirkamil Həşimli indi Azərbaycanda belə oynamağa çətinlik çəkir. Azərbaycan çempionatının son pilləsində yer alan "Rəvan"ın oyunçusu olan 19 yaşlı futbolçu əhtiyat oyunçular skamyasına məhkum olub. Son olaraq "Xəzər Lənkəran" qarşısında 83-cü dəqiqədə oyuna daxil olan oyunçu "sarı-lacivərdli" klubdan ayrıldıqdan sonra heç yerdə möhkəmlənə bilməyib. "Neftçi" və ardınca "Zirə"yə gedən Mirkamil getdiyi bütün klublarda ehtiyat oyunçular skamyasından qurtula bilməyib".
"Milliyət" Həşimlinin "Rəvan"da bir qarın yeməyə oynadığını yazıb: "Fənərbaxça"da forma geyindiyi dönəmdə gələcəyin ulduzları arasında göstərilən Mirkamil Həşimlinin Azərbaycanda qarın toxluğuna oynadığı da ortaya çıxdı. Oyunçunun illik maaşının təxminən 6 min dollar olduğu, Premyer Liqanı tərk etmək üzrə olan komandanın aşağı liqaya gedəcəyi halda bu maaşı yarıya qədər azaldacağı bildirilir".
Qeyd edək ki, Mirkamil 2006-cı ildən "Fənərbaxça"nın futbol akadamiyasına qəbul olunub. Klubun bir çox aşağı yaş qrupları üzrə komandasında oynamış futbolçunun U-15 liqasının "Fənərbaxça" - "Qalatasaray" matçında sol ayağı qırılmışdı. Bu zaman "Qalatasaray"lı futbolçuların onu xəstəxanada ziyarət etməsi maraqla qarşılanmışdı.
Fanat.az