"Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Lill” üzərindəki qələbəsi Ukraynanın respublikamızdakı səfirliyinin də diqqətindən yayınmayıb.
Sport7.az xəbər verir ki, bu ölkənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko təmsilçimizin baş məşqçisi, həmyerlisi Roman Qriqorçuka məktub ünvanlayıb.
"Şəxsən öz adımdan və Ukraynanın Azərbaycandakı səfirliyi adından sizi və "Qəbələ” kollektivini mötəbər turnir olan UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki parlaq qələbəniz və növbəti dəfə pley-off mərhələsinə adlamağınız münasibətilə təbrik edirəm. Səfir kimi mənə ukraynalıların Azərbaycan futbolu tarixində yer almasını görmək çox xoşdur. Sizin "Qəbələ”nin baş məşqçisi kimi uğurlu işiniz Ukraynanın Azərbaycandakı imici və iki ölkə xalqları arasındakı dostluq münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətlidir.
Bu məktubla həmçinin sıravi azərbaycanlılara və Ukrayna səfirliyinə təbrik ünvanlayan bütün Kütləvi İnformasiya Vasitələri mənsublarına da öz təbriklərimi çatdırıram. Səfirliyin bütün əməkdaşları bu tarixi oyunda sizinlə birlikdə idi və bu idman bayramında sevincinizi bölüşürük.
Roman İosifoviç, sizə gələcək işlərinizdə bütün qəlbimlə uğur və müvəfəqiyyətlər arzulayıram!”
Fanat.az