Azərbaycan millisindən imtinasını sosial şəbəkə vasitəsiylə elan edən Ozancan Gökçü bu addımı atasının istəyi ilə atıb. Fanat.Az-a verilən məlumata görə futbolçunun atası və meneceri Halis Gökçü oğlunu Azərbaycan millisində parlaq gələcək gözləmədiyi üçün onun qərarına təsir edib.
AFFA-ya fitri istedad qismində təqdim olunan "Feyenoord"un yetirməsinin belə desək, reklamı özündən güclü olub və Türkiyənin U-21-nə düşəcəyi real görünməyən gənc Azərbaycan yığmasına "calanıb". Oyunçunun atasıyla ilk görüş zamanı AFFA təmsilçilərinin verdiyi yağlı vədlərin yerinə yetirilməməsi də hadisələrin bu axarda inkişafına təsirsiz ötüşməyib.
Bir müddət öncə adı "Mançester Siti", "Everton" və "Tottenhem"lə yanaşı hallanan (daha doğrusu, məqsədli şəkildə hallandırılan) oyunçunun "Feyenoord"a lazım olmadığı üçün "Bursaspor"a keçdiyi faktdı. 30 faiz bacarığının, 70 faiz menecer atasının mətbuatdakı əlaqələri hesabına populyarlaşan Ozancanın vunderkind olmadığını gec də olsa, anlayan AFFA təmsilçilərinin sözündən qaçması müəyyən mənada başadüşüləndi. Sizcə, Pol Le Quen kimi mütəxəssis sınaq matçlarında şans verdiyi Ozancanın adını layiq olduğu halda, Superliqa matçlarının iştirak ərizəsinə salmaya bilərmi? Və ya ortababı çalışdıran fransızın Türkiyənin elitasına layiq görmədiyi futbolçu "Mançester Siti"nin skautlarının yuxusuna haram qatarmı?
Yeri gəlmişkən, Halis Gökçünün hansı xarakterdə insan olduğunu üzə çıxaran kiçik məqama da toxunaq: ata Gökçü hələ Ozancan Azərbaycan yığmasına cəlb edilməmişdən öncə Türkiyə mətbuatına bir neçə müsahibə vermiş və hər birində futbolçu övladlarının ürəyinin Türkiyə ilə çırpındığını vurğulamışdı. Az keçməmiş qardaşlardan kiçiyi - Orkun Hollandiyanın, böyüyü yığmamızın formasını geymək qərarını açıqladı. "Bursaspor"un əsas heyətinə şirin xəyal kimi baxan "qəhramanımızın" bu ilin yazında mətbuata uşaq yalanı danışaraq özünü Azərbaycan kökənli adlandırdığını isə dodaqqaçdı xatirinə yada salaq...
Fanat.Az