21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində öz meydanında Kosovo ilə qolsuz bərabərliyə razılaşan Azərbaycan yığmasının baş məşqçisi Samir Ələkbərov oyunsonrası mətbuat konfransında fikirlərini bölüşüb. Fanat.Az xəbər verir ki, o, öncə rəqibin baş məşqçisinə aqressiv reaksiya verməsinə aydınlıq gətirib:
"Yəqin ki, məni səmimi insan kimi tanıyırsız. 3 aydı ki, anadan əmdiyim südü burnumdan gətirirlər. Hamınız boksa baxırsız. Ardıcıl 2 matçda noqdauna düşdük. Ondan sonra ayılmaq istəyirdim. Bu gün nəsə emosional reaksiya verdimsə, üzr istəyirəm. Rəqibin baş məşqçisi hər şeyə etiraz edirdi. Halbuki həmin epizodda qayda pozuntusu yox idi. Hər şey meydanda qaldı. Oyundan sonra da görüşdük, bir-birimizin əlini sıxdıq”.
Ələkbərov azarkeşi söhbətə çağıran yetirməsinin – Elnur Cəfərovun davranışlarına da münasibət bildirib: "İnternetdən istifadə etməmişəm. Elnurun nə etdiyindən də xəbərim olmayıb. Almaniya ilə oyundan sonra necə otağa girmişəm, bu gün çıxmışam. Elnur və bəzi oyunçular bundan öncə İslam Həmrəyliyi Oyunlarında da lotuluq etmək fikrinə düşmüşdülər. Sonra hərəkətlərinə görə üzr istəmişdilər. Mütləq cəzalandırılmalıdı. Barəsində klubu da ölçü götürməlidi. Xəbərim olsaydı, onu bazadan qovardım”.
Mütəxəssis sonda cərimə zərbələrindən bərbad istifadə edən komandadakı xaosu qabardıb: "Nə qədər tapşırsam da, futbolçular öz bildiyini edirdi. Tapşırıq verəndə təsdiq işarəsi göstərsələr də, yenə öz bildikləri kimi oynadılar. Rusca da, azərbaycanca da deyirdim, xeyri olmurdu. Belə şeylərin üzərində işləmək üçün vaxt lazımdı”.
Fanat.Az