"Zirə"nin baş məşqçisi Ayxan Abbasovun Qurban Qurbanovun milli komandalara aparacağı məşqçilər siyahısında olması ilə bağlı xəbərlərə münasibət bildirib. Fanat.Az xəbər verir ki, mütəxəssis bu barədə qol.az-a müsahibəsində bildirib.
Ayxan Abbasov "Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasından sonra artıq "Zirə”dən bir nəfər ayrıldı. Elman Himayətoğlu yanvardan etibarən yığmanın mətbuat katibi olacaq. Ümumiyyətlə, Qurbanovun siyahısında sizin də adınızın olduğu söylənilir. Sizə hansısa təklif gəlibmi" sualına belə cavab verib:
"Yox, belə bir təklif yoxdu. Qurban Qurbanovun siyahısında adımın olduğunu birinci dəfədir eşidirəm. Elmana gəlincə, o, doğrudan da bizim ən dəyərli işçilərdən biridi. Təkcə öz işinə yox, digər işlərə də çox peşəkar yanaşır. Onun gedişi bizim üçün bir itkidi. Amma bizim hamımızın arzusu budu ki, milli komandamız uğurlu çıxış eləsin. Elmana da təklif gəldi, dəyərləndirdik, məsləhətləşdik. Doğrudan da onun Azərbaycan futboluna xeyiri dəyə bilər. Normal qarşıladıq. Amma digər məsələni sizdən eşidirəm. Bizim "Zirə”də hələ çox işim var. Bu barədə hələ belə bir şey yoxdu".
Mütəxəssis özünü millidə işləməyə hazır saymadığını bildirib:
"Mən bu gün özümü milli komandada işləməyə hazır saymıram. İnanıram ki, Qurban müəllimə kömək etmək üçün onun daha təcrübəli köməkçiləri var. Amma nə vaxtsa mənim köməyimə ehtiyac olarsa, təmənnasız, heç fikirləşmədən razı olaram. Azərbaycanın futbolunun inkişafı naminə buna hazıram. Amma yenə deyirəm, bizim "Zirə”də hələ işlərimiz çoxdu. Əsas işimiz buradadı".
Fanat.Az