"Barselona" Lionel Messi ilə yeni müqavilə imzalayıb. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqaviləyə əsasən, argentinalı ulduz 2020/21 mövsümünün sonunadək "Barselona"da qalacaq. Kataloniya klubu Messinin sərbəst qalma qiymətini də yeniləyib. Müqavilədəki xüsusi bəndə əsasən onu transfer etmək istəyən klub 700 milyon avro ödəməlidi.
Klub saytı Messinin maaşını açıqlamayıb. Lakin daha əvvəl belə bir xəbər yayılmışdı ki, o, yeni müqavilə imzalamağın əvəzində 80 milyon funt-sterlinq (105 milyon dollar) pul alacaq, maaşı isə həftədə 500 min funt-sterlinq (658 min dollar) təşkil edəcək.
Qeyd edək ki, L. Messinin "Barselona" ilə köhnə müqaviləsi 2018-ci ildə bitəcəkdi. Bu səbəblə onun başqa klublara keçə biləcəyi barədə söz-söhbət yayılmışdı.
L. Messi 2004-cü ildən "Barselona"da çıxış edir. O, 8 dəfə İspaniya çempionu, 5 dəfə ölkə kubokunun qalibi, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 5 dəfə "Qızıl top" qazanıb.
Fanat.Az