Azərbaycan millisindən ayrıldıqdan sonra işsız qalan Robert Prosineçki Xorvatiya mətbuatına müsahibəsində burdakı həyatından danışıb.
Fanat.Az Prosineçkinin müsahibəsinin maraqlı məqamlarını təqdim edir:
"Azərbaycanda 3 əla il keçirdim. Azərbaycan yığmasındakı fəaliyyətimi həyatımın ən xoş anlarından biri kimi xatırlayacam. Gözəl şəhər, iş üçün əla şərait və yaxşı nəticə. Mənim heç bir problemim yox idi. Sadəcə, bu komanda ilə yeni addım ata bilməyəcəyimi və irəliləmək lazım olduğunu hiss etdim. Məni asan yerdə işləyib, pul qazanmaq heç vaxt maraqlandırmayıb.
Aydın məsələdi ki, Azərbaycan millisinə "Barselona”nın göstərdiyi futbolu oynada bilməzsiniz. Təbii ki, buna köklənirdim. Amma elə incə məqamlar var ki, bunu heç kim edə bilməz. Mən nəticəyə köklənmək və komandamın arzuladığım səviyyədə oynamasını istəyirəm. Bunun üçün isə keyfiyyətli, məşqçinin istəklərini yerinə yetirə biləcək futbolçular lazımdı. Məhz bu səbəbdən yüksək səviyyəli komandaya getmək istəyirəm.
Məşqçinin üzərində həmişə təzyiq olur. Təbii ki, bu, işlədiyin klubun və yığmanın səviyyəsindən asılı olaraq, dəyişir. Təzyiq məşqçinin işinə təsir edir. Kimsə bundan "sınır”, kimsə daha da həvəslənir, kimsə də özünü sübut etmək üçün mübarizə aparır. Azərbaycanda hər şey əla idi. Amma orda döyüş keyfiyyətləri daha üstündü və siz futbolla bağlı vəziyyəti dəyişə bilmirsiz”.
Fanat.Az