İspaniyada vergidən yayınmaqda ittiham olunan Kriştiano Ronaldonun həbsi tələb olunub. Fanat.Az xəbər verir ki, xəzinadarlıq rəsmisi Karidad Qomes Mourelo bu tələblə dekabrın 7-də baş tutan məhkəmədə çıxış edib.
Faktla bağlı ekspert rəyi verən Mourelo Ronaldonun həbs olunmasının vacibliyini vurğulayıb. Vergidən yayındırılan məbləğin yüksək olduğunu bildirən xəzinədarlıq rəsmisi məhkəmə hakimindən futbolçunun həbs olunaraq istintaqa cəlb olunmasını tələb edib. O, həmçinin bildirib ki, daha az məbləği vergidən yayındıran bir çox şəxslə bağlı məhkəmə həbs qərarı verib.
Qeyd edək ki, Madrid Prokurorluğunun Maliyyə Cinayətləri İdarəsi Ronaldonu vergidən yayınmaqda ittiham edir. İddianamədə futbolçunun 2011-2014-cü illərdə imic gəlirlərini əskik göstərərək ümumilikdə 14.75 milyon avronu vergidən yayındırdığı iddia olunur. Portuqaliyalı ulduzun "Real"a transfer olunduqdan sonra - 2010-cu ildə qurduğu bir şirkət vasitəsi ilə vergidən yayındığı deyilir.
Ronaldonun 2011-ci ildə 1.36, 2012-ci ildə 1.66, 2013-cü ildə 3.2 və 2014-cü ildə 8.5 milyon avro vergini qeyri-qanuni yollarla ödəmədiyi məlum olub. İspaniya qanunlarına görə, bu cinayətin cəzası 1 ildən 5 ilədək həbs cəzasıdı.
Fanat.Az