"Keşlə”nin yeni transferi Vaqif Cavadov bu gün I divizion təmsilçisi "Qaradağ Lökbatan”la (3:1) keçirilən yoxlama görüşündən sonra jurnalistlər önünə çıxıb. Fanat.Az xəbər verir ki, futbolçu media mənsublarını maraqlandıran məqamlara aydınlıq gətirib.
- "Keşlə”ylə rəsmi müqavilə bağladın?
- Bəli, 6 ay +1 illik anlaşmaya imza atmışam.
- Bir müddət öncə də komandanın düşərgəsindəydin. Getdin və yenidən qayıtdın...
- Müxtəlif nüanslar var idi. Müqavilənin şərtlərini hər iki tərəf düşündü, sonda ortaq məxrəcə gəldik.
- 2013/14 mövsümündə də "İnter”də oynamısan. Həmin vaxtla müqayisədə komandada hansı fərqlər var?
- Arada çox böyük fərq var. İnanıram ki, əvvəlki komandanı qaytarmaq olar. Yeni futbolçular da gələcək. Ümid edirik ki, yaxşı forma yığıb, uğurlu çıxış edəcəyik.
- Uzun müddət rəsmi oyunlara çıxmamaq, futboldan uzaqda qalmaq sənə necə təsir edib?
- Toplanışa yeni başlamışıq. Mövsümün ikinci yarısına qədər tam hazır olacam. Məncə, ciddi problem yaşanmayacaq.
- İkinci nəfəsin açılacağına ümid edirsən?
- Hər şey mümkündü. 40 yaşım yoxdu ki, problem yaşayım. Niyə də olmasın? Hər şey futbolçudan və komandadan asılıdı.
- Bundan sonrakı hədəfin nədi?
- Hədəfim artıq "Keşlə” ilə bağlıdı. "Keşlə”nin hədəfi də kuboku qazanmaq və çempionatda yüksək pillələrdən birini tutmaqdı.
- Bəs yenidən milliyə qayıtmaq?
- Bu, mənim oyunumdan və baş məşqçinin qərarından asılı olacaq. Elə danışırsız ki, sanki 40 yaşım var, futboldan artıq getmişəm. Meydanda hər şey görünəcək. Kim yaxşı oynayacaq, baş məşqçi Qurban Qurbanov da ona dəvət göndərəcək.
- Yeri gəlmişkən, Qurban Qurbanovun təyinatı haqda nə deyə bilərsən?
- Onu çətin iş gözləyir. Berti Foqtsa, Robert Prosineçkiyə məğlub olanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız. Mediadan çox şey asılıdı. Yerli məşqçidi, ona daha çox kömək etmək lazımdı. Üstəlik, Qurban müəllim iki yerdə çalışacaq.
- Sanki mətbuatdan incikliyin var...
- Heç bir inciklik yoxdu. Belə olsaydı, sizə müsahibə verməzdim.
- Foqtsun vaxtında heç futbolçular da onun əleyhinə danışmırdılar...
- Mən danışmamışam? Milliləşən futbolçularla bağlı sualları həmişə mənə və Mahir Şükürova verirdiz. Ancaq Prosineçkinin dönəmində hansısa oyunçuya belə sual verdiyinizi görmədim. Mən isə bu sualları həmişə cavablandırmışam. Bu da arxivdə var. Mətbuatdan heç vaxt qaçmamışam, sizinlə həmişə dostluq etmişəm. Belə də davam edəcəm.
Fanat.Az