Moskva "Lokomotiv"i 2008-ci ildə Neymarı 10 milyon avroya almaqdan imtina edib. Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti Nikolay Naumov açıqlama verib.
Braziliyalı ulduzu 2008-ci ildə Aralıq dənizi oyunlarında izlədiklərini deyən klub rəşbəri "Santos"un 10 milyon avro tələb etməsi səbəbindən transferdən imtina etdiklərini bildirib: "Skautlarımız Neymarı izləyirdi. Amma iki önəmli problem var idi. Birincisi, o dövrdə çox gənc idi. İkincisi də Rusiyaya uyğunlaşmaqda çətinlik çəkməsindən qorxduq. Bu səbəbdən 10 milyon avro kimi böyük bir yatırımı riskli hesab etdik. Həmçinin Neymarın o turnirdə digərlərindən daha yaxşı göründüyünü xatırlamıram. Dühdü, finalda onlara yenildik, amma bizim gənc oyunçumuz Alan Qataqov hamısından daha yaxşı görünürdü".
Qeyd edək ki, Neymar 2013-ci ildə 88,2 milyon avroya "Barselona"ya transfer olunub. PSJ isə ötən yay onu 222 milyon avroya alıb.
2009-cu ildən "Lokomotiv"in əsas komandasında oynayamağa başlayan Alan Qataqov isə böyük gələcək vəd edən oyunçu hesab olunsa da, potensialından istifadə edə bilməyib. 2011-ci ildə 2 milyon avroya Moskva "Dinamo"suna transfer olunan yarımmüdafiəçi sonrakı illərdə Rusiyanın "Tom", "Anji", İsrailin "Makkabi" (Petax Tikva), Qazaxıstanın "İrtış" və "Taraz" klublarında oynayıb. Rusiyanın əsas yığmasına düşə bilməyən 27 yaşlı futbolçu hazırda "Estoniya"nın "Levadiya" klubunda forma geyinir.
Fanat.Az