"Məqsədimiz qələbə qazanmaq idi, buna da nail olduq. Bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Ancaq futbolçuları göstərdikləri oyuna görə təbrik edirəm". Fanat.Az xəbər verir ki, bu sözləri "Kəpəz"lə oyundan sonra (1:0) "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov deyib.
Baş mışqçi hakimliklə bağlı danışıb: "Səhvsiz insan yoxdu. Sadəcə, mən istəyirəm ki, hakim meydanda çox fit çalmasın. Belə olanda, oyunun tempi aşağı düşür. Buna görə, bəzən olur ki, hakimlərə sərt etiraz edim. Ancaq hakimləri də başa düşmək olar. Hamı öz işini görür".
Artıq neçənci dəfədi ki, Mirabdulla Abbasov oyuna sonradan çıxsa da, komandaya qələbə qazandırır. Əhmədov onun start heyətində meydana çıxmamasının səbəbini belə izah edib: "Bunu əvvəl də demişdim, Mirabdulla 20-25 dəqiqə mübarizə apara bilir. "Zirə” ilə oyunda da qol vurduqdan sonra meydanda görünmədi. Onun potensialı çox böyükdü. Ancaq 90 dəqiqə oynamağa hazır deyil. Sonradan meydana çıxanda isə komandaya xeyri dəyir. Bu gün də onu sonradan meydana buraxdım və komandaya qələbə qazandırdı. Ümumiyyətlə, bizim hücum xəttində ciddi problemlərimiz var".
"Qış fasiləsində bir çox tənqidlərə məruz qaldız. Demək olar ki, bugünkü qələbə ilə bu tənqidlərə cavab verdiz" sualına Tərlan bəyin cavabı belə olub: "Mənim şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdu. Mənim işimə qiymət versinlər. Bu gün uduzsaq, məni tənqid etsələr, razıyam. "SKA-Xabarovsk”a 1:8 uduzanda, tənqid olundum. Buna heç nə demirəm. Həmin oyundakı səhvlərimdən nəticə çıxardım. Bugünkü oyundan çox razı qaldım. Bir də deyirəm, heç kimin mənim şəxsi həyatıma qarışmağa haqqı yoxdu".
Baş məşqçi qış fasiləsində heyətə cəlb olunan, amma qısa müddət sonra komandanı tərk edən qapıçı Aqil Məmmədovla bağlı qısa danışıb: "Bu sualın cavabında onu deyə bilərəm ki, mən komandada heç kimə əsas heyətdə yer söz vermirəm".
Fanat.Az