"Bizim üçün iki fərqli hissə oldu. Birinci hissədə istədiyimiz alınmadı". Bu sözləri "Zirə"nin məşqçisi Elnur Çodarov deyib.
Topaz Premyer Liqasının XVIII turunda "Keşlə"ni qəbul edən paytaxt təmsilçisi meydanı məğlub tərk edib - 1:2.
Baş məşqçi Ayxan Abbasov cəzalı olduğu üçün komandanı meydana çıxaran Çodarov oyunsonrası mətbuat konfransında nəticədən məyus olduqlarını söyləyib: "Hücumlara yaxşı çıxa bilmədik. İkinci hissədə dəyişiklik etdik. Artıq hücumlara istədiyimiz kimi çıxmağa başladıq. Təəssüf ki, lazım olan qolu vura bilmədik. Bu azmış kimi, ani diqqətsizlikdən qapımızda qol gördük. Artıq gələcək oyunlar barədə düşünəcəyik".
Mütəxəssis qapıçılar Anar Nəzirov, Kamal Bayramov, həmçinin yarımmüdafiəçi Aleksandr Dedovun ehtiyatda oturmasına da aydınlıq gətirib: "3 qapıçımız var. Hər birinə də inanırıq. Bu gün məşqçilər korpusu Abdulla Seyidəhmədova şans verməyi məsləhət bidi. Oyun da göstərdi ki, səhv qərar verməmişik. Dedovun isə matça ehtiyatdan başlaması taktiki gediş idi. Onu sonradan meydana buraxdıq". (Apasport.az)
Fanat.Az