UEFA növbəti mövsümdən Çempionlar Liqası və Avropa Liqası ilə bağlı yenilikləri açıqlayıb. Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeniliklər 2018/2019 mövsümündən tətbiq olunacaq.
Dəyişikliklərə əsasən, "pley-off" matçlarında əlavə vaxt zamanı 4-cü əvəzetməyə icazə veriləcək. Hər iki yarışın final oyununda, eləcə də Super Kubokda iştirak ərizəsinə 23 futbolçunun adını daxil etmək mümkün olacaq (digər görüşlərdə 18 futbolçu - red.). Beləliklə, ehtiyat oyunçular skamiyasında 12 futbolçu əyləşə biləcək.
Çempionlar Liqası və Avropa Liqasında qrup mərhələsi başa çatdıqdan sonra klublar avrokuboklarda çıxış etmək üçün heç bir məhdudiyyət olmadan 3 futbolçu sifariş edə biləcəklər. Bu, milli çempionatlarda qış "transfer pəncərəsi” zamanı oyunçuların klublarını dəyişməsi ilə bağlı normativlərə uyğundur.
Avropa Liqasında ardıcıl 3 mövsüm və ya ümumilikdə 5 dəfə qalib olan komanda formasında bunu əks etdirən nişanı daşımaq hüququ qazanacaq. Növbəti mövsümdə yarışda iştirak edəcəyi təqdirdə, İspaniyanın "Sevilya” klubu bunu edə biləcək. Əndəlüslər 5 dəfə Avropa Liqasında birinci yeri tutublar. Eyni ənənə Çempionlar Liqasında da var.
Çempionlar Liqası və Avropa Liqasında oyunların başlama saatlarında da dəyişiklik olacaq. Çempionlar Liqasında pley-off, qrup mərhələsi, 1/8, 1/4 və 1/2 final və final matçları Avropa vaxtı ilə saat 21.00-da başlayacaq (hazırkı Bakı vaxtı ilə saat 23.00). Həmçinin, qrup mərhələsinin çərşənbə axşamı və çərşənbə günü baş tutacaq iki görüş saat 18.55-də start götürəcək. Qrup mərhələsinin son turunda bütün oyunlar eyni vaxtda başlayacaq.
Avropa Liqasında qrup mərhələsindən 1/8 finaladək olan görüşər saat 18.55-də və 21.00-da start götürəcək. Hər bir oyunun başlama saatı püşkatmaya uyğun təyin ediləcək. Sonuncu turda hər bir qrupda qarşılaşmalar eyni vaxtda olacaq. 1/4, 1/2 və final matçları 21.00-da başlayacaq.
UEFA görüşlərin başlama saatlarına dəyişiklik etmək hüququna malikdir.
UEFA Super Kuboku uğrunda oyun saat 21.00-da start götürəcək. Dəyişiklik bu il avqustun 15-də Estoniyanın paytaxtı Tallində baş tutacaq matça da şamil olunur.
Fanat.Az